Əslində, bir şairə, jurnalist və yazar kimi kifayət qədər uğurlarım olub və beynəlxalq aləmdə özümü təsdiq edə bilmişəm.Eyni zamanda, Moskvanın ən mötəbər dövlət universitetlərindən birində fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə eləmişəm. Yəqin ki, təəccüblənəcəksiniz ki, nə üçün üstəlik tarixçi və arxeoloq olmağı qarşıma məqsəd qoymuşam. Mən Almaniyada və Avropada yazılan tarix kitablarında çoxlu səhvlər, yalnışlıqlar, saxtalaşdırmalar, təhriflər ortaya çıxartmasaydım bəlkə buna heç ehtiyac da olmazdı. Çox təəccüblüdür ki, bəzi alman, fransız və italyan tədqiqatçıları bir həftəlik, bəziləri isə yalnız bir-iki günlük Qafqaza gəlirlər və sonra dərhal Qafqazın və yaxud da Dünya Mədəni İrsi Qobustanın tarixini yazmaq arzusuna düşürlər. Bu özü böyük bir elmi yanlışlıq olsa da, yazılan tarixi əsərlər səthi, subjektiv və elmi əsaslandırılmış olmur və köklü tədqiqatlara istinad etmədiyi üçün böyük tarixi illüziyalara yol açır. Təəssüf ki, bu kitablar gələcəkdə yazılacaq olan yüzlərlə disertasiyalarda, monoqrafiyalarda  etibarlı mənbələr kimi istifadə olunur. Təbii ki, rus mütəxəssisləri Qafqaz bölgəsini xeyli tədqiq etmişlər, lakin məlumdur ki, sovet zamanında bu tədqiqatlar marksizm-leninizm prinsiplərinə əsaslanmışdır. Bir çox bu günki tədqiqatlar isə adətən postsovet respublikalarında hökm sürən millətçilik ruhunda təqdim edilir. Son beş ildə apardığım arxeoloji tədqiqatların yaratdığı mənəvi məsuliyyətə əsasən 5 dildə, müxtəlif ölkələrdə Qafqazın son 100-150 illik arxeoloji materiallarını  araşdırmağı qarşıma məqsəd qoydum. Bu tədqiqatlar, şübhəsiz, Qafqaz tarixinə bir töhvə verəcək. Bəlkə də, Azərbaycan, Rusiya, Almaniya və digər Avropa tədqiqatçıları birlikdə işləməklə Qafqaz tarixini yeni elmi metodlarla, arxeoloji texnikanın yaratdığı imkanlarla, son dövrlər aşkar edilmiş arxeoloji materiallar əsasında yenidən tədqiq edərək tarixin qaranlıq qalmış səhifələrinə işıq salmaq və dünya tarix kitablarında Qafqazın öz layiqli yerini tutmasına töhvəmizi verə bilərik. Qarşımızda çox çətin, məsuliyyətli, lakin yeni biliklərlə zəngin iş durur və bu tapıntılara  görə qədim Qafqaz dağları bizi mükafatlandıracaq. O zaman dünya Qafqazı və orada yaşayan xalqları daha da yaxından tanıyacaqdır – əfsanələr canlı tarixə çevriləcəkdir! Hörmətlə, Sizin Nuridə Atəşi